Yekaterinburqda azərbaycanlıların ölümü ilə nəticələnmiş reydlərə görə Rusiyaya 'kəskin' etiraz bildirilib
İyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində keçirilən əməliyyatlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN bildirir ki, Rusiya tərəfinə iyunun 27-də azərbaycanlıların yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələrinin iki nəfəri qətlə yetirdiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin isə həbs edildiyi reydləri ilə bağlı "kəskin" etiraz bildirilib.
"Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb", - XİN vurğulayıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Yekaterinburqdakı saxlamalar cinayət işləri çərçivəsində həyata keçirilib. O, şübhəlilərin Rusiya vətəndaşları olduqlarını sözlərinə əlavə edib.