Keçid linkləri

2025, 07 İyul, Bazar ertəsi, Bakı vaxtı 20:18

Kabil dünyanın suyu tükənən ilk paytaxtı ola bilər


Kabildə qadın yamacla qalxaraq plastik qabda evinə su daşıyır.
Kabildə qadın yamacla qalxaraq plastik qabda evinə su daşıyır.

Mütəxəssislər deyir ki, Kabil dünyada tamamilə susuz qalan ilk paytaxt şəhər ola bilər. Onlar bu böhranın səbəbi kimi sürətli əhali artımını, iqlim dəyişikliyini və qeyri-effektiv idarəetməni günahlandırırlar.

"Mercy Corps" qeyri-hökumət təşkilatının son araşdırmasına görə, Əfqanıstan paytaxtında yeraltı suların səviyyəsi son 10 ildə 30 metrə qədər aşağı düşüb, şəhər sakinləri üçün əsas içməli su mənbəyi olan quyuların, demək olar ki, yarısı quruyub.

Şəhərdə yeraltı sulara tələbat hədsiz dərəcədə yüksəkdir: hər il təbii yolla doldurula biləndən 44 milyon kubmetr daha çox su hasil edilir ki, bu da dayanıqlı normadan təxminən iki dəfə çoxdur.

Kabilin əhalisi 2000-ci ildə təxminən 2 milyon nəfərdən 2025-ci ildə 6 milyona çatıb ki, bu da şəhərin su ehtiyatlarını böyük təzyiq altında qoyur.

"Mercy Corps" təşkilatının və AzadlıqRadiosuna danışan Əfqanıstanın su təsərrüfatı üzrə ekspertlərinin sözlərinə görə, şəhərin yeraltı su hövzələri 100 mindən çox nəzarətsiz artezian quyusu, yüzlərlə zavod və istixanalar tərəfindən də tükədilir.

"Kabildə hər il təxminən 4 milyon kubmetr su istehlak edən 400 hektar istixana var", - Almaniyada yaşayan su ehtiyatları və iqlim dəyişikliyi üzrə tədqiqatçı Nəcibulla Sədid deyib: "Kabildə 500-dən çox içki müəssisəsi də fəaliyyət göstərir. Yalnız belə şirkətlərdən biri, şəhərin ən böyük sərinləşdirici içki şirkəti olan "Alokozay" hər il təxminən 1 milyon kubmetr yeraltı sudan istifadə edir".

BMT xəbərdarlıq edib ki, təcili tədbirlər görülmədiyi təqdirdə Kabilin yeraltı suları 2030-cu ilə qədər tükənəcək, bu isə sakinlər üçün ekzistensial təhlükə yarada və böyük miqrasiya dalğasına səbəb ola bilər.

Ərzaq və su arasında seçim etmək

Kabilin bir çox hissəsində su artıq tamamilə tükənib və sakinlər yalnız su sisternlərindən pulla aldıqları məhdud miqdarda suya möhtac qalıblar.

Şəhərin şimal-qərbində yerləşən, nisbətən varlı Taymani rayonunda yaşayan bir sakin bildirib ki, maaşının ¼-ini yalnız suya xərcləyir.

"Mənim aylıq maaşım 21 min əfqanidir (300 dollar) və mən 10 nəfərlik ailəm üçün suya ən azı 5 min əfqani (70 dollar) xərcləyirəm. Biz bu suyu çay, yemək bişirmək, paltar yumaq, camaşırxana və çimmək üçün istifadə edirik", - o, iyunun 26-da AzadlıqRadiosuna bildirib.

Kabildə ictimai artezian quyusu
Kabildə ictimai artezian quyusu

"Su almağa imkanı olmayan çoxlu ailələr var. Bu, su və yemək arasında seçim etmək kimi bir şeydir", - Taymani sakini əlavə edib.

O həmçinin qeyd edib ki, su almağa imkanı olmayanlar bir neçə kilometr məsafə qət edərək ictimai su nasoslarının olduğu yerlərdən su daşıyırlar.

Yay aylarının bürkü istisində belə Kabildəki bir çox yaşayış binalarına su həftədə cəmi bir-iki dəfə verilir.

Su çirklənməsi ölkənin digər ən böyük problemlərindən biridir. BMT-nin məlumatına görə, təhlükəsiz içməli suya çıxışı olmayan insanların sayı Əfqanıstanda təxminən 80 faizdir. Mütəxəssislərin sözlərinə görə, Kabildəki yeraltı suların əksəriyyəti kanalizasiya, zərərli maddələr və yüksək arsenik səviyyəsi ilə çirklənib.

Dünya Bankının məlumatına görə, Qərbin dəstək verdiyi 2021-cü ildə süqut edən Əfqanıstanın keçmiş hökuməti su sektorunu yenidən qurmaq üçün beynəlxalq donorlardan 4 milyard dollardan çox maliyyə alıb. Ancaq həm paytaxtda, həm də ölkənin digər bölgələrində bu sektor hələ də əsaslı inkişaf etməyib.

Talibanın rəhbərlik etdiyi hazırkı hökumətin rəsmiləri AzadlıqRadiosunun şərh sorğusuna cavab verməyib. Lakin bir çox yerli ekspertlər əmindir ki, qəti addımlar atılarsa, Əfqanıstan paytaxtı hələ də su böhranını nisbətən tez həll edə bilər.

"Bu problem yeni deyil. 10 ildən artıqdır ki, problemin həlli ilə bağlı müxtəlif təkliflər Əfqanıstan hakimiyyətinə təqdim olunub, lakin bu, onlar üçün heç vaxt prioritet olmayıb", - Sədid AzadlıqRadiosuna bildirib.

Potensial həllər

Təklif olunan həll yollarından biri Kabildən təxminən 30 kilometr cənub-qərbdə yerləşəcək Şahtut su anbarı və bəndinin tikintisidir. Əgər layihə başa çatdırılsa, bu bənd şəhərin 2 milyondan çox sakininə içməli su təmin edə bilər və yeraltı su hövzələrinin bərpasına kömək edər.

Digər layihə isə ildə 100 milyon kubmetrdən çox suyun Pəncşir çayından paytaxta yönəldilməsi üçün 200 kilometr uzunluğunda boru xəttinin çəkilməsini nəzərdə tutur.

Hər iki layihə üzrə texniki-iqtisadi qiymətləndirmələr əvvəlki Əfqanıstan hökuməti dövründə aparılıb.

Apreldə Talibanın Energetika və Su Nazirliyi Pəncşir çayı üzrə boru kəmərinin tikintisinə başlamaq üçün büdcə təsdiqini gözlədiyini bildirib. Məlumata görə, hökumət 170 milyon dollar dəyərində olan bu layihəni maliyyələşdirmək üçün əlavə investorlar axtarır.

Əfqan oğlan Kabilin kənarındakı quyudan çəni içməli su ilə doldurur.
Əfqan oğlan Kabilin kənarındakı quyudan çəni içməli su ilə doldurur.

Əfqanıstan lazımi maliyyəni toplaya biləcəyi təqdirdə, Şahtut su anbarı layihəsinin 2027-ci ildə tamamlanacağı gözlənilir. Su anbarının və bəndin tamamlanması üçün təxminən 236 milyon dollar tələb olunur.

Su ehtiyatları və iqlim dəyişikliyi üzrə ekspert Əbdül Baset Rəhmani deyib ki, Əfqanıstan paytaxtında su çatışmazlığı "siyasi iradə olarsa, ilyarım ərzində həll oluna bilər".

Ancaq eyni zamanda ekspert qısa müddət üçün təcili ehtiyaclar barədə xəbərdarlıq edərək beynəlxalq yardım agentliklərini Kabildə içməli su almağa imkanı olmayan yoxsul insanlara təcili yardım göstərməyə çağırıb: "Belə dəstək bu insanları böyük maliyyə və psixoloji yükdən qurtara, xəstəliklərin qarşısını ala və bir çox uşağın yenidən məktəbə qayıtmasına kömək edə bilər. Hazırda çox sayda uşaq təhsil ala bilmir, çünki ailələrinə kömək etmək üçün hər gün bir neçə kilometr yol gedərək suyun pulsuz paylandığı yerlərdən su daşıyırlar".

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və BMT-nin Uşaq Fondu (UNICEF) kimi yardım təşkilatları son illərdə Əfqanıstanda yüz minlərlə insanın təmiz içməli suya çıxışını təmin etmək üçün bir sıra layihələr həyata keçirib.

BQXK-nin məlumatına görə, 2024-cü ildə gerçəkləşdirilən layihələr çərçivəsində Əfqanıstanın bir neçə əyalətində 1315 ədəd əl nasosu təmir edilib və 1888 ədəd bioqumlu filtr quraşdırılıb ki, bu da suyun tərkibindəki çirkləndiricilərin təmizlənməsinə xidmət edir.

Lakin bu səylərə baxmayaraq, hökumət tərəfindən daha təcili tədbirlər görülməsə və böyük infrastruktur layihələri tamamlanmasa, Kabildə su böhranı davam edəcək. Bu isə nəticədə təxminən 3 milyon insanı, başqa sözlə, paytaxt əhalisinin təxminən yarısını şəhəri tərk etməyə məcbur edə bilər.

Yazı AzadlıqRadiosunun aparıcı müxbiri Fərəngiz Nəcibulla tərəfindən hazırlanıb.

XS
SM
MD
LG