İctimai fəal Araz Əliyev bildirir ki, onkoloji xəstəlikdən əziyyət çəkən anasını xaricə müalicəyə apara bilmir. O, buna səbəb kimi ölkədən çıxışına məhdudiyyət qoyulmasını göstərir.
İctimai fəal vurğulayır ki, anası həmin xəstəlikdən altı aydır əziyyət çəkir və Azərbaycandakı müalicə səmərə vermir: "Son günlər vəziyyəti daha da pisləşib. Qan dəyərləri yüksəlmir. Heç kim də məntiqli açıqlama vermir. Məcbur və təcili anamı ölkə xaricinə aparmalıyam. Lakin hava limanında aydın olur ki, ölkədən çıxışıma stop qoyulub. Xəstə anam mən olmadan çətin ki, harasa getsin və müalicə ala bilsin. İndi biz neyləməliyik? Göz görə-görə anamın ölməyini gözləməliyəm mən? Nə üstümdə cinayət işi var, nə də hər hansı işdə təqsirləndirilən şəxsəm. "Stop"un səbəbi və məqsədi də mənə bəlli deyil".
Bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
A.Əliyev 2 il öncə, dekabrın 23-də axşam saatlarında saxlanmışdı. O, polisə itaətsizlik göstərməkdə təqsirləndirilərək 25 sutka inzibati həbsə məhkum edilmişdi. Məhkəməsində demişdi ki, haqqındakı məhkəmə qərarında göstərilənlər yalandır, nə küçədə söyüş söyüb, nə də polislərə itaətsizlik göstərib. Fəal ötən il yanvarın 17-də azadlığa çıxıb.
A.Əliyev 2 il əvvəl yaradılan III Respublika Platformasının Qurucu Heyətinin üzvülərindəndir. Bu qurumun bəzi üzvləri hazırda həbsdədirlər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər, amma ittihamı siyasi sayırlar. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.