Rusiyanın üç böyük hava limanında 400 reys ləğv edilib və ya gecikib

Moskva "Şeremetyevo" hava limanı

Rusiya Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, Moskva vaxtı ilə iyulun 6-sı saat 18:00-a qədər Rusiyanın üç böyük hava limanında - Moskvanın "Şeremetyevo", Sankt-Peterburqun "Pulkovo" və Nijni-Novqorodun "Çkalov" hava limanlarında təxminən 400 reys ləğv edilib və ya gecikib.

Nazirlik açıqlamasında bildirib ki, səbəb Ukrayna dronlarının hücumları fonunda və əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunan məhdudiyyətlərdir.

Rusiya Nəqliyyat Nazirliyinin bildirdiyinə görə, ən uzunmüddətli məhdudiyyətlərlə "Çkalov" hava limanı üzləşib.

Sərnişinlər Sankt-Peterburq və Moskva arasında səfərlər üçün qatar biletləri almağa başlayıb və bu, bilet çatışmazlığı yaradıb.

"Kommersant" qəzetinə müsahibə verən ekspertlər hesab edir ki, iyulun 5-6-da hava nəqliyyatının çökməsi aviaşirkətlərə təxminən 20 milyard rubla başa gələ bilər.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, iyulun 6-sı axşam saatlarına qədər hava hücumundan müdafiə vasitələri 48 Ukrayna dronunu zərərsizləşdirib. Onlardan doqquzu Moskva ətrafında, ikisi isə Leninqrad vilayəti üzərində olub.

Ukraynanın dron hücumları Rusiya qüvvələrinin Kiyevə qarşı həyata keçirdiyi hava zərbələrinin ardınca gəlib.

İyulun 5-də Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərlə əldə edilmiş yeni razılaşmaları alqışlayaraq bildirib ki, bu razılaşmalar Rusiya ilə mübarizə üçün "yüz minlərlə" yeni dronun təmin olunmasına imkan verəcək. O əlavə edib ki, Kiyev "Rusiyanın bu müharibəyə görə məsuliyyət daşıdığını hiss etdirəcək" yeni addımlara hazırlaşır.

Ukrayna lideri Qərb tərəfdaşlarına müraciət edərək daha çox silah göndərilməsini və Rusiyaya qarşı əlavə maliyyə sanksiyalarının tətbiqi ilə təzyiqlərin artırılmasını istəyib.