2014-cü ildə Donbas müharibəsinin başlanmasından 2022-ci ilin fevralında genişmiqyaslı işğal müharibəsinə qədər Rusiya prezidenti Vladimir Putin rus dilini və bu dildə danışanları Kiyev hökumətindən qorumaq zərurətini əsas gətirərək Moskvanın Ukraynaya qarşı təcavüzünə haqq qazandırmağa çalışıb.
Lakin 10 ildən artıqdır davam edən zorakılıqlardan sonra ukraynalı rəsmilər və fəallar bildirir ki, Rusiya qüvvələrinin işğal etdiyi Ukraynanın cənub və şərq bölgələrində Moskva Ukrayna dilini sıradan çıxarmağa çalışır. Onlar hesab edir, bu, həmin regionlarda ruslaşdırmanı gücləndirmək və Ukrayna kimliyini silmək məqsədi daşıyan daha geniş kampaniyanın tərkib hissəsidir.
Sentyabrın 1-də başlayacaq yeni tədris ilində Rusiya bu istiqamətdə böyük addım atmağa hazırlaşır. Belə ki, Rusiya Təhsil Nazirliyinin direktiv layihəsinə əsasən, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində - ölkənin 1/5 hissəsindəki ibtidai və orta məktəblərdə Ukrayna dilinin öyrənilməsi kurrikulumdan çıxarılacaq.
Ukrayna dilinin kurrikulumdan çıxarılmasına səbəb kimi qərarda "dünyada geosiyasi vəziyyətin dəyişməsi" göstərilir.
Lakin ukraynalı rəsmilər və fəallar bildirir ki, bu addımlar dəyişiklikləri əks etdirmək üçün deyil, onları zorla tətbiq etmək məqsədi daşıyır. Yəni, Moskvanın Krım üzərindəki hakimiyyətini və Putinin genişmiqyaslı müharibənin başlamasından yeddi ay sonra əsassız şəkildə Rusiyaya aid olduğunu iddia etdiyi dörd əsas vilayət - Xerson, Zaporojye, Donetsk və Luqansk - üzərində nəzarətini gücləndirmək üçündür.
Sözügedən direktiv Putinin Ukraynanı tabe etdirmək səylərinə uyğundur. Prezident Putin açıq şəkildə bildirib ki, o, Ukraynanın tam suverenlik hüququna inanmır və bu ölkə ən yaxşı halda Rusiyanın itaətkar bir əlavəsi olmalıdır. O, həmçinin ruslar və ukraynalıların "bir xalq" olduğunu iddia edərək saxta bəyanatlar verib və bu yalanlar Rusiya dövlət televiziyasında mütəmadi olaraq təkrar olunur.
"Ukraynaya aid heç nəyə yer yoxdur"
"İşğalçılar mədəni kimliyin çox vacib olduğunu və Ukrayna dilini bilən şəxsin gələcəkdə Ukrayna dünyasının, Ukrayna icmasının bir hissəsinə çevrilə biləcəyini yaxşı başa düşürlər", - Donetsk və Luqansk Ukrayna Xalq Şurasının sədri Stanislav Fedorçuk deyib.
Fedorçuk əlavə edib ki, Rusiyanın məqsədi "bir ünsiyyət vasitəsi kimi dillə əlaqəni kəsmək və onu təhsil prosesindən çıxarmaqdır".
Bu, böyük ölçüdə artıq Krımda və Rusiyanın 2014-2015-ci illərdən bəri nəzarət etdiyi Donetsk və Luqansk vilayətlərinin bəzi hissələrində baş verib. Həmin müharibə Moskvaya dost Ukrayna prezidenti Viktor Yanukoviçin kütləvi "Maydan" etirazları nəticəsində hakimiyyətdən uzaqlaşdırılmasından sonra, Moskvanın Donbasda qızışdırdığı qarşıdurmaların ilk illərində başlayıb.
Donbasın Rusiyanın nəzarətində olan bölgəsində məktəbə gedən və hazırda Ukraynanın nəzarətində olan ərazidə universitetdə oxuyan 18 yaşlı Olya AzadlıqRadiosuna bildirib ki, işğaldan sonra Ukrayna dili və ədəbiyyatı fənləri əvvəlcə həftədə bir dəfə keçirilən bir dərsdə birləşdirilib, sonra isə daha az keçirilməyə başlayıb və 2020-ci ildə isə dərsi dayandırıblar.
Fedorçukun sözlərinə görə, Rusiya işğal olunmuş ərazilərdə məktəblərdən "uşaqları müxtəlif hərbiləşdirilmiş və yarımhərbi strukturlara cəlb etmək üçün istifadə edir və məqsəd bu uşaqların gələcəkdə Rusiya Federasiyası uğrunda vuruşmasıdır". "Bu proses çərçivəsində Ukrayna dilinə və, ümumiyyətlə, Ukraynaya aid heç nəyə yer yoxdur", - o bildirib.
Rusiya Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən işğal olunmuş hissələrində ana dili olaraq Ukrayna dilinin tədrisi məcburi idi, Krımda və Rusiyanın nəzarətində olan Donetsk və Luqansk vilayətlərində isə Ukrayna dili dərsləri valideynlərin müraciəti əsasında təşkil olunurdu.
Məktəb direktoru İrina Dubas Rusiyanın işğal etdiyi ərazilərdə tələbələrə gizli şəkildə Ukrayna dilini öyrədir.
Müəllimlərin deportasiyası
Texniki baxımdan, tədris planından çıxarılması ayrı-ayrı məktəblərin Ukrayna dili dərsləri keçməsinə mane olmur. Lakin bu dərslər əsas dərs cədvəlindən kənarda keçirilməlidir. Fedorçukun sözlərinə görə, bu cür dərslər həm məktəb rəhbərliyi, həm şagirdlər, həm də onların valideynləri üçün arzuolunmaz diqqətə səbəb ola bilər.
"Məncə, onlar bunu saxlayıblar ki, məsuliyyətdən boyun qaçırmaq üçün desinlər: 'Baxın, biz işğal olunmuş ərazilərdəki məktəblərə Ukrayna dilini saxlamaq azadlığı verdik... əgər ehtiyac varsa'", - o qeyd edib.
Ukraynadakı və beynəlxalq insan hüquqları qrupları bildirir ki, əslində, Ukrayna dilini şəxsən və ya uzaqdan öyrətmək və ya öyrənmək səyləri Rusiyanın işğalçı hakimiyyət orqanları tərəfindən təqib olunma riski yaradır.
"Rusiya rəsmiləri və onların yerli əlaltıları Ukrayna tədris proqramının distant (onlayn) öyrənilməsini və ya tədrisini cəzalandırıb, valideynləri hədələyiblər ki, əgər onlar uşaqlarını "rus" məktəblərinə yazdırmasalar və ya uşaqları Ukrayna proqramı üzrə distant təhsil alsalar, onları cərimə, valideynlik hüququndan məhrumetmə və həbs gözləyir", - "Human Rights Watch" (HRW) təşkilatı 2024-cü ilin iyununda dərc etdiyi hesabatında bildirib.
Müharibə zamanı uşaqların hüquqlarının pozulmasını sənədləşdirən ukraynalı qrup "Almenda" Vətəndaş Təhsili Mərkəzinin məlumatına görə, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində təxminən 600 min məktəbyaşlı uşağın təxminən 44 mini, yəni təqribən 7 faizi ukraynalıların idarə etdiyi məktəblərdə distant təhsil alır.
Məktəblərə, müəllimlərə və şagirdlərə göstərilən təzyiq yalnız Ukrayna dili məsələsi ilə məhdudlaşmır. "İşğalçı səlahiyyətlilər… ukraynalı müəllimləri onlarla işləməyə məcbur etmək və ya şagirdlərin sənədlərini və digər məktəb məlumatlarını təqdim etməyə məcbur etmək üçün zorakılıq, həbs, pis rəftar və işgəncələrdən istifadə ediblər", - ABŞ-də fəaliyyət göstərən təşkilat bildirib.
"Almenda" təşkilatının analitiki Oleq Oxredko AzadlıqRadiosuna bildirib ki, genişmiqyaslı işğal müharibəsinin əvvəlində Xerson və Zaporojye bölgələrinin böyük hissəsini ələ keçirən işğalçı Rusiya hakimiyyəti valideynlər arasında sorğu keçirib. Bu sorğu nəticəsində müəyyən ediblər ki, valideynlərin təxminən yarısı övladlarının Ukrayna dilini öyrənməsini istəyir.
Analitik əlavə edib ki, bu nəticəyə baxmayaraq, işğalçı hakimiyyət Ukrayna kitablarını məktəblərdən və kitabxanalardan yığışdırmağa, bəzən onları yandırmağa və rus kitabları ilə əvəz etməyə başlayıb.
Oxredko bildirib ki, Azov dənizinin liman şəhəri olan Berdyanskda və Zaporojye bölgəsində Rusiya qüvvələri bir neçə müəllimi günlərlə zirzəmilərdə saxlayaraq onları əməkdaşlığa məcbur etməyə çalışıblar, sonra isə həmin müəllimlərin bir qismini deportasiya ediblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukraynada yeraltı məktəblər
"Müllimlər qarşısında ağır seçim var"
"Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində ukraynalı müəllimlər öz iradələrinə zidd işləməyə məcbur etmək üçün hədələnib və zorakılığa məruz qalıblar", - "Amnesty International" təşkilatının baş katibi Anyes Kallamar 2024-cü ilin oktyabrında bildirib .
"Onların qarşısında ağır seçim var: hər şeyi geridə qoyub qaçmaq, ya da uşaqları beyin yumağa yönəlmiş, Rusiyanın təcavüzkar müharibəsinə haqq qazandıran təhsil sisteminin bir hissəsi olmaq", - o qeyd edib.
"Human Rights Watch" təşkilatı bildirir ki, Rusiya tərəfindən Ukrayna dilinin tədrisinə qoyulan məhdudiyyətlər və tətbiq edilən tədris proqramı bir çox beynəlxalq konvensiya və standartları pozur. Bu tədris proqramı "Rusiya işğalını əsaslandıran tarix dərsliklərini əhatə edir və hazırkı Ukrayna hökumətini "neonasist dövləti" kimi təqdim edir".
"BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların öz mədəni kimliyinə, dilinə və dəyərlərinə, həmçinin uşağın doğulduğu ölkənin milli dəyərlərinə hörməti inkişaf etdirən təhsil hüququnu zəmanət verir", - HRW 2024-cü il hesabatında bildirib.
"Rusiyanın işğal olunmuş (Ukraynaya məxsus) ərazilərdə təhsilə dəyişikliklər etməsi digər beynəlxalq insan hüquqları standartlarını, eyni zamanda müharibə təbliğatının qadağan edilməsini, uşağın ana dilində təhsil almaq hüququnu və valideynlərin övladlarının təhsili ilə bağlı seçim hüququnu pozur", - hesabatda vurğulanıb.
Yazı AzadlıqRadiosunun Ukrayna xidmətinin əməkdaşı Natalya Nedyelko və radionun "Donbas Reallıqları" layihəsi tərəfindən hazırlanıb.