İyulun 4-də ABŞ-nin Texas ştatında baş vermiş dağıdıcı daşqınlar nəticəsində azı 82 nəfər həyatını itirib, onlarla insan hələ də itkindir. CNN telekanalı rəsmilərə istinadən xəbər verir ki, ən çox zərər çəkmiş bölgələrdən biri olan Kerrdə 68 nəfər həlak olub, onlardan 28-i uşaqdır.
Yüzlərlə yerli, ştat və federal fövqəladə hallar əməkdaşı axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.
Kerrin şerif idarəsinin məlumatına görə, 100-dən çox hava, su və quru nəqliyyat vasitələri xilasetmə işləri üçün səfərbər edilib.
Texas hərbi qüvvələrinin bildirdiyinə görə, bu əməliyyatlar nəticəsində 520 nəfər xilas edilib - onlardan 361 nəfəri "Black Hawk" helikopterləri ilə hava vasitəsilə təxliyə olunub, 159 nəfər isə yerüstü əməliyyatlarla xilas edilib.
Prezident Donald Tramp deyib ki, təbii fəlakətə görə Texasa federal dəstək davam etdiriləcək və o, cümə günü - iyulun 11-də ştata, ehtimal ki, səfər edəcək.