"ToplumTV" internet televiziyası ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Fərid İsmayılov, özü daxil, doqquz nəfərin məhkəməsindən ötrü prokurora etirazını bildirib. Jurnalist istintaq dövründə hökumətyönlü mediaya onların haqqında materiallar ötürüldüyünü, qarayaxma kampaniyası aparıldığını və, beləcə, təqsirsizlik prezumpsiyası hüquqlarının pozulduğunu deyir.
"Bu məsələyə hüquqi qiymət verilməlidir, ancaq dövlət ittihamçısı buna münasibət bildirmir", - F.İsmayılov iyulun 7-dəki məhkəmədə belə deyib.
F.İsmayılov da daxil, "ToplumTV" ilə bağlı cinayət işi üzrə həbsdə olan doqquz nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilmə mərhələsidir. Ötən məhkəmə iclasında III Respublika Platformasının spikeri və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov ifadə verməyə başlayıb.
Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev A.Qurbanovun ifadə verməsini əsas gətirərək F.İsmayılova vəsatətlərini səsləndirməyə şərait yaratmayıb və çıxışını yarımçıq kəsib: "Dindirmə gedir, yarımçıq dayandıra bilmərik".
Bu üzdən, hakimlə jurnalistin arasında mübahisə yaranıb.
"Siz özünüzü hakim kimi yox, ittihamçı kimi aparırsınız, çünki biz cinayət törətməmişik, İlham Əliyevin sifarişiylə bura salınmışıq. Siz də sifariş icra edirsiniz", - jurnalist hakimə söylədiyi sözlərdir.
A.Tağıyevsə ən çox bəraət hökmü çıxaran hakimlərdən olduğunu vurğulayıb.
Jurnalistin digər etirazı isə Dövlət Vergi Xidmətinin nümayəndəsinə idi. Ötən məhkəmə iclasında bu qurumun təmsilçisi "ToplumTV işi" üzrə təqsirləndirilən doqquz nəfərə qarşı 79 min 400 manatlıq mülki iddia qaldıraraq onlardan müştərəf qaydada bu pulun ödənilməsini tələb edib.
F.İsmayılov etiraz edir ki, nümayəndə onlardan hansı əsasla bu qədər pulu tələb etdiyini göstərməlidir: "Əsaslandırmır ki, bizdən tələb etdiyi bu pul nədir, niyə istəyir, nəyin vergisidir? Ondan soruşan yoxdur bunu".
Təqsirləndirilən jurnalisti narazı salan başqa bir məsələ də məhkəmə zalında vəkilinin yanında əyləşməsinə icazə verilməməsi olub. Digər yoldaşlarıyla birlikdə şüşə kabinədə saxlanılan F.İsmayılov vəkilinin yanında əyləşməsi, zərurət olarsa, hüquqi məsələlərlə əlaqədar müdafiəçisiylə məsləhətləşməsinə şərait yaradılmasını istəsə də, hakim buna da icazə verməyib.
Məhkəmə iclasında ifadəsini davam etdirən A.Qurbanov rəhbərlik etdiyi Demokratik Təşəbbüslər İnstitutunun necə yaranması, fəaliyyəti və məqsədləri, gənclərin maarifləndirilməsi üçün görülən işlərdən söz açıb, özünə qarşı basqılardan, şirnikləndirici təkliflərdən ifadəsində də bəhs edib.
A.Qurbanov ifadəsini iyulun 14-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. O zaman bu işlə bağlı yeddi nəfər qaçaqmalçılıq ittihamıyla həbs olunsa da, jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilmişdi. Ancaq F.İsmayılov bu ilin yanvarında həbs olunub.
"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Daha bir xatırlatma
Bütövlükdə götürəndə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmədiyini vurğulayırlar. Onların iddiasına görə, həmin siyahılarda adları çəkilənlər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.