Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 03:22

İşgəncələri araşdıran mərkəzin sədri təqsirləndirilən şəxs oldu


Fikrət Cəfərli
Fikrət Cəfərli

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli təqsirləndirilən şəxs qismində tanınıb. İyulun 7-də Binəqədi rayon Məhkəməsindəki hakim Zamiq Bağırov belə qərar verib.

Məhkəmədə Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü Elvin Əliyevin F.Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Vəkil E.Əliyev məhkəməyə şikayətində F.Cəfərlinin ona böhtan atdığını, işgüzar nüfuzuna zərbə vurduğunu iddia edir. Bu üzdən, onun Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsiylə cəzalandırılmasını istəyir.

Məhkəmə çəkişməsinə səbəb hazırda həbsdə olan Elvin Allahverdiyevin keçmiş vəkilindən şikayətinin İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin Facebook səhifəsində yayılmasıdır.

"Vəkil qardaşımdan 10 min 500 manat pul alıb və deyib ki, bunun müqabilində məhkəmənin mənə 1 il 6 ay cəza verməsini təmin edəcək. Qardaşımdan 10 min 500 manat alsa da, vergidən yayınmaq üçün müqavilədə çox az məbləğ göstərib", - E.Allahverdiyev şikayətində belə yazıb. Onun sözlərinə görə, verilən sözə əməl olunmadığından pulu geri istərkən, vəkil onları hədələyib.

Məhkəmənin hazırlıq iclasında F.Cəfərli iddia ərizəsinin icraata götürülməsinə etiraz edərək deyib ki, rəhbərlik etdiyi təşkilatın sosial media hesabından yayılan məlumat onun şəxsi fikri deyil: "Məhbusun dövlət başçısına ünvanladığı şikayətdir. Bunu da jurnalist paylaşıb. Bizim təşkilat da Facebook səhifəsində həmin jurnalistə istinadən yayıb. Belə olan halda, hansı əsasla bizi məhkəməyə verir?".

F.Cəfərli əlavə edib ki, məhkəmə bu işi icraata götürüb baxa bilməz.

"Belə vəkillik olur?!"

Di gəl, F.Cəfərliyə dövlət hesabına müdafiəçi təyin olunan vəkil onunla eyni mövqeni bölüşməyib və deyib ki, şikayətin icraata götürülüb-götürülməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Bu da F.Cəfərlinin etirazını doğurub: "Biz Vəkillər Kollegiyasına məhz bu cür məsələlərə görə etiraz edirik. Dövlət hesabına təyin olunan vəkillər müvəkillərinin hüquqlarını belə müdafiə edirlər, onların mənafelərinə zidd davranırlar. Mən deyirəm, icraata götürülməsin, siz mənim mövqeyimə zidd gedirsiniz, belə vəkillik olur?!".

Vəkil E.Əliyevsə israrla iddianın icraata götürülməsini və araşdırılıb hüquqi qiymət verilməsini tələb edib. Ona böhtan atıldığını, nüfuzuna zərbə vurulduğunu deyən vəkil F.Cəfərlinin buna görə cəzalandırılmasını istəyir.

Hakim Z.Bağırov qısa müşavirədən sonra iddianın icraata götürüldüyünü açıqlayıb. Beləliklə, F.Cəfərli təqsirləndirilən şəxs, E.Əliyevsə xüsusi ittihamçı olub. Məhkəmə baxışı isə iyulun 14-nə təyin edilib.

F.Cəfərli ona qarşı şikayətin icraata götürülməsini və təqsirləndirilən şəxs qismində cəlb olunmasını sifariş sayır. Onun fikrincə, Vəkillər Kollegiyasının fəaliyyətini tənqid etdiyinə görə rəhbərlik onu İntizam Komissiyasının üzvü E.Əliyevin vasitəsiylə cəzalandırmağa çalışır.

Cinayət Məcəlləsinin 147.1 maddəsində cərimə, ictimai işlər, islah işləri kimi alternativ cəzalarla yanaşı, 6 ayadək azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

XS
SM
MD
LG